Belediyye.infonun suallarını Astara bələdiyyəsinin sədri Aygül Məmmədova cavablandırır:
- Bələdiyyə sədri olaraq bələdiyyənizin ötən ilki fəaliyyəti Sizi qane etdimi?
- Astara bələdiyyəsi ötən il 2015-ci ilə nisbətən daha fəal işlərlə yadda qaldı. Belə ki,əmlak və torpaq vergilərinin toplanmasından, habelə mülkiyyətin özgəninkiləşdirməsindən bələdiyyə büdcəsinə vəsait daxil oldu. Lakin daxil olan vəsaitin səmərəli istiqamətdə istifadə olunması demək olar ki, tam mümkün olmadı. Belə ki,bələdiyyəmizin ötən illərdən qalma borcları və hesablarımızda Məhkəmə icra bölməsinin qoyduqları həbslər sayəsində tam mütəşəkkil işlər görə bilməmişik. Amma bir sıra yolların salınmasında, qəbristanlıqların abadlaşmasında və kənd təsərrüfatının inkişafı baxımından bələdiyyəmizin ərazisində tut bağının salınması, çəltıkçiliyin inkişafına dəstəyimiz və ən əsası aztəminatlı ailələrə mütəmadi olaraq yardımların edilməsi bələdiyyəmiz üçün 2016-cı ildə prioritet istiqamətlərdən olmuşdur. Amma bütün bunlara baxmayaraq fəaliyyətimiz bizi qane etmir.
- Bəs 2017-ci ildə bələdiyyənizdən hansı irəliləyişləri gözləyirsiniz?
- Bələdiyyəmiz yeni kadrları ilə 2017-ci ildə rayonumuz üçün bir sıra yeniliyə imza atmağı planlaşdırır. Astara aqrar rayon olduğuna görə bələdiyyəmizin nəzdində olan "Bələdiyyə-1A" MMC -nin fəaliyyətini stimullaşdırmaqla kənd təsərrüfatıının inkişafı istiqamətində yeniliklər planlaşdırırıq. Belə ki,bir sıra texnikaların alınması və çəltikçiliyin inkişafı baxımından təsis etdiyimiz MMC-yə dəstək verməyi düşünürük. Nəticə etibarı ilə həm də alternativ gəlir mənbəyi yaratmış olacağıq. Bütün bunlarla yanaşı 2017-ci ildə ümumtəhsil məktəblərində, pedaqoji kollecdə müxtəlif maarifləndirici tədbirləri həyata keçirməyi planlaşdırırıq.
- Bu gün bələdiyyə qanunvericiliyində ilk növbədə hansı dəyişikliyin edilməsini təklif edərdiniz?
- Astara bələdiyyəsinin sədri və Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin işçi qrupunun üzvü kimi həmişə bələdiyyə qanunvericiliyi ilə yavından maraqlanıram. Eyni zamanda fəaliyyətimizdə bizə birbaşa dəstək ola biləcək qanun dəyişikliyi kimi ilk təklifim "Bələdiyyənin statusu" haqqında qanuna əlavələr edilsin. Belə ki,5 il müddəti bitmək üzrə olan bələdiyyələr üzərinə öz dövründə yaranmış borcları mütləq ödəmək öhdəliyi qoyulsun. əks halda bələdiyyələr borclanmaqda davam edəcək. Növbəti dəyişiklik kimi onu təklif edərdim ki, dövlət notariusu xidməti mütləq alqı-satqı zamanı vətəndaşlardan bələdiyyəyə borcunun olmaması barədə sənədi tələb etsinlər. Bu əlavə olunarsa bələdiyyələrin gəliri 100 faizdən çox artacaq.
- Fikrinzicə bu gün ölkəmizə 1607 bələdiyyənin olması zəruridirmi?
- Fikrimcə Astara rayonunda hazırda 15 bələdiyyə fəaliyyət göstərirsə bu rəqəmi 12-yə endirmək olar. Lakin bunun bir faydası olacaqmı, bunu deyə bilmirəm. Məncə əsas məsələ onların sayında deyil keyfiyyət tərkibindədir. Nə qədər ki, bələdiyyə üzvlərinin əsas iş yeri bələdiyyə deyil, onların fəaliyyətindən danışmaq olmaz. Say artsa da, azalsa da bələdiyyələrin fəaliyyəti onların tərkibə səs verdiyimiz insanların fəaliyyətindən asılıdır.
- Bələdiyyənin maliyyə vəziyyətinin düzəlməsi üçün fikrinizcə hansı addımların atılmasına ehtiyac vardır?
- ilk öncə bələdiyyə vergilərinin ödənilməsi təmin olunmalıdır. Məhkəmə, icra bölməsi, DSMF-tərəfindən bələdiyyə hesablarına qoyulan həbslar aradan götürülməlidir.
- Bu gün bələdiyyələrin işinə digər strukturlar tərəfindən daha cox müdaxilələr olur?
- Astara bələdiyyəsinin hazırki fəaliyyətinə Astara rayon məhkəməsinin icra bölməsi xaricində heç bir qurum müdaxilə etmir. icra bölməsi bələdiyyə hesablarını dondurmaqla guya öz vəzifəsini icra edir və bununla işini bitmiş hesab edir. Külli miqdarda vəsaiti ödəmək tələbi ilə 10 gün müddət qoymaqla guya bələdiyyəni məcbur edir. Lakin əsl həqiqətdə bələdiyyənin fəaliyyəti və hesablarının açıq olduğu halda bələdiyyə vəsait qazana bilər. Belə ki, bələdiyyəmizin maddi əsasını torpaq alqı-satqısından daxilolmalar təşkil etdiyi üçün bələdiyyə dövlət reyestr xidmətinə dövlət rüsumu, Kadastr müayinəsi üçün və s hesabından vəsait köçürməlidir. əks halda hansı işdən və puldan söhbət gedə bilər?
- Bu gün bələdiyyələrlə bağlı Məhkəmə qərarlarının icrasında problemlər mövcuddur. Bu problemin həllini necə görürsünüz?
- Məhkəmələrə və bələdiyyələrə eyni bir qurum ədliyyə Nazirliyinin səlahiyyət çərçivəsindədir. Lakin buna baxmayaraq biz Bələdiyyələrlə iş Mərkəzi xaricində heç bir ədliyyə qurumu ilə münasibət qura bilmirik. Məhkəmə qərarlarının icrası məsələsində isə xüsusən yad münasibət hiss olunur. Bu təkcə bələdiyyələrlə bağlı deyil, icra strukturunun özündə çatışmazlıqlar mövcuddur. Problem heç vaxt birtərəfli həll oluna bilməz. Kompromis və qarşılıqlı anlaşma mövcud olmalıdır ki, həll də mümkün olsun. ən əsası icradan əvvəl məhkəmə qərarları ədalətli olmalıdır.
Belediyye.info